11 Noyabr 2026

SOCAR AQŞ Qərbi Abşeron yatağındakı 50 saylı platformada ilk quyunu uğurla təhvil verib.

 

SOCAR AQŞ Qərbi Abşeron yatağındakı 50 saylı platformada qazılan ilk quyunu uğurla sifarişçiyə təhvil verib.

 

Layihə üzrə dərinliyi 1192 metr olan quyu, faktiki olaraq 1200 metr dərinliyə çatdırılıb. Qazma əməliyyatları çərçivəsində geoloji-geofiziki tədqiqatlar aparılıb, QD-3 və QAD məhsuldar horizontlarında lay təzyiqinin ölçülməsi həyata keçirilib. Əldə olunan məlumatlar layların geoloji xüsusiyyətlərinin qiymətləndirilməsi və gələcək qazma əməliyyatlarının daha səmərəli planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Layihə çərçivəsində quyunun istismar kəmərinin diametri 9⅝ düymə qədər artırılıb və açıq lülədə quma qarşı SASS (Single Annulus Sand Screen) süzgəc sistemi tətbiq edilib. Bu texnoloji həll qum və mexaniki hissəciklərin quyuya daxil olmasının məhdudlaşdırılmasına, istismar zamanı yarana biləcək mürəkkəbləşmələrin qarşısının alınmasına və uzunmüddətli, etibarlı hasilat üçün şərait yaradılmasına xidmət edir.

 

83 saylı quyunun uğurla qazılaraq sifarişçi “Azneft” İB-yə təhvil verilməsi 50 saylı platformanın istismar potensialının reallaşdırılması istiqamətində mühüm mərhələdir.

 

Bu nailiyyət SOCAR AQŞ komandasının peşəkarlığını və mühəndislik təcrübəsini, eləcə də mürəkkəb dəniz qazma layihələrinin uğurlu icrasında sifarişçi və podratçı şirkətlərlə səmərəli əməkdaşlığın və birgə komanda işinin əhəmiyyətini bir daha nümayiş etdirir.