İftixar Qasımov

Geologiya və Yeraltı əməliyyatlar üzrə direktor

İftixar Qasımov yüksək ixtisaslı geoloq olaraq neft qaz- sahəsində 20 ildən artıq  xidmət göstərib və bu müddət ərzində  sahib olduğu ixtisas bilikləri, o cümlədən liderlik bacarıqları ilə çoxsaylı layihələrdə rəhbərlik etdiyi komandasının və çalışdığı şirkətin uğuruna imza atmışdır.

 

Cənab Qasımov karyerasına SOCAR-da başlamış, Xəzər dənizinin Azərbaycan sektorunda Geoloji kəşfiyyat işlərinin aparılmasında, o cümlədən, neft-qaz quyularının qazılmasında Geoloq kimi, dənizin Rusiya, Türkmənistan və Qazaxıstan sektorlarında JAOC, TECHNIP, BP, DRACON-OIL, LUKOIL kimi şirkətlərlə birgə layihələr üzrə Mühəndis Geoloq, Buzachi Neft şirkətinin “Şimali Karaturun” layihəsi üzrə Geoloq Supervayzer olaraq fəaliyyət göstətmişdir.

 

O, 2008- ci ildən etibarən SOCAR AQŞ- də Geoloq Mühəndis, 2011- ci ildən Geologiya departamentinin rəisi/ Baş Geoloq, 2013- cü ildən etibarən Baş Direktorun müavini/ Baş Geoloq olaraq fəaliyyət göstərib. İştirak etdiyi layihələrdən “Günəşli” və “Qərbi Abşeron” yataqlarında ilk dəfə horizontal quyuların layihələndirilməsi və qazılması, horizontal quyular üzrə açıq lülədə quma qarşı süzgəclərlə tamamlanması, ilk dəfə olaraq Cənubi Xəzər hövzəsində,  Qərbi Abşeron yatağında çoxşaxəli quyunun layihələndirilməsi, qazılması və tamamlanması, Yüksək təzyiq/yüksək temperaturlu “Ümid” qaz-kondensat yatağında  6810 m dərinlikli  quyunun VII horizontu tam açmaqla qazılması, “Ümid” və “Bulla-dəniz” yataqlarında bütün məhsuldar horizontlar üzrə XPT və şaquli seysmik profilləmə, məhsuldar horizontlar üzrə lay təzyiqlərinin ölçülməsi, o cümlədən, süxur nümunələrinin götürülməsi, geoloji-geofiziki tədqiqat işlərinin planlaşdırılması və icrası xüsusi önəm kəsb edir.

 

O, Birləşmiş Krallığın STAG Geoloji Servislər şirkətinin “Formasiya Təzyiqlərinin Qiymətləndirilməsi”, Beynəlxalq İnsan resurslarının inkişafı korporasiyasının (IHRDC) “Liderlik”, Halliburtonun “Formasiyaya dəyən ziyanın seçmə rezervuar həlləri ilə  minimallaşdırılması”, National Oilwell Varco- nun “Qazma baltalarının əsasları”, Drilling Training Alliance-ın “Quyuların planlaşdırılması” və bu kimi çoxsaylı təlimlərin, beynəlxalq və yerli Elmi-Texnoloji konfransların iştirakçısıdır.

 

Cənab Qasımov SOCAR prezidenti tərəfindən “Neft-qaz sənayesinin inkişafına  göstərdiyi xüsusi xidmətlərdən ötrü” Fəxri Fərmana, SOCAR AQŞ tərəfindən “Şirkətin inkişafına göstərdiyi qiymətli xidmətlərdən və nümunəvi işçi olmasından ötrü” Fəxri Fərmana layiq görülmüşdür.

 

Cənab Qasımov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstutunun Neft və Qaz Yataqlarının Geologiyası, Axtarışı və Kəşfiyyatı üzrə Aspirantura, Azərbaycan Dövlət Neft Akademiyası Dəniz Neft Yataqlarının Kəşfiyyatı üzrə Magistr, Neft Yataqlarının Geologiyası üzrə bakalavr təhsilinə sahibdir.

 

O, hal-hazırda SOCAR AQŞ-də Geologiya və Yeraltı əməliyyatlar üzrə direktor/ Baş Geoloq vəzifəsini icra edir.