SOCAR AQŞ Bakı Ali Neft Məktəbində keçirilən Beynəlxalq Elmi Konfransların tərəfdaşıdır
Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılışı olub.
Konfranslarda BANM-in 101 tələbəsi iştirak edir. Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzularında keçirilir.
Bu il konfranslara 238 tezis seçilərək qəbul olunub. Onlardan 101 tezis Bakı Ali Neft Məktəbinin tələbələrinə aiddir. Konfrans iştirakçılarını BANM-in professor-müəllim heyəti ilə yanaşı, “SOCAR AQŞ”, “Schneider Electric”, BP şirkətlərinin, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun nümayəndələri qiymətləndirir.
Konfranslarda Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı, müxtəlif təhsil müəsissələrinin gənc tədqiqatçıları məruzələrlə çıxış edirlər.
Yerli və beynəlxalq bazarlarda, neft və qaz sektorunda kompleks qazma və quyu xidmətləri göstərən aparıcı yerli şirkət kimi SOCAR AQŞ korporativ sosial məsuliyyət öhdəliyi çərçivəsində, davamlı olaraq təhsillə bağlı layihələri dəstəkləmişdir. Şirkət bundan sonra da Azərbaycanın elm və təhsilinin inkişafına yönəlik təşəbbüslərini dəstəkləməyə davam edəcək.