01 Mart 2019

SOCAR AQŞ ADA Universitetinin karyera həftəsinin sponsoru olub, karyera sərgisində iştirak edib

27 Fevral-1 Mart 2019-cu il – SOCAR AQŞ ADA Universiteti tərəfindən təşkil olunmuş Karyera həftəsinin sponsoru olmuş və tədbir çərçivəsində keçirilən karyera sərgisində iştirak etmişdir.

 

ADA Universitetin şəhərciyində keçirilən karyera həftəsinin məqsədi tələbələri gələcək iş həyatına hazırlamaqdı. Məhz buna görə, tədbirin ilk günü tələbələr peşəkar xülasənin (CV-nin) yazılması və iş müsahibələrinə hazırlıqla bağlı təlim və seminarlarda iştirak etmişlər.

 

Paralel olaraq tədbirin növbəti iki günü müxtəlif fakültələrdən olan yüzlərlə tələbə və məzunları, eləcə də neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu yerli və beynəlxalq şirkətləri bir araya gətirən karyera sərgisi baş tutub. Tədbirin keçirilməsində məqsəd tələbələr üçün işəgötürənlərlə ünsiyyət qurmaq və karyera imkanları haqqında məlumatlanmaq fürsəti yaratmaq idi.

 

SOCAR AQŞ də ADA Universitetində keçirilmiş karyera sərgisinə qatılmışdır. Şirkətin ADA Universiteti ilə olan uzunmüddətli əməkdaşlıq münasibətlərini nəzərə alaraq, SOCAR AQŞ həm də tədbirin sponsorlarından olub.

 

Tədbirin açılış mərasimində iştirak edən ADA Universitetinin vitse-rektoru Fariz İsmayılzadə sərgidə iştirak edən şirkətləri salamlamış və bildirmişdir: “Bizim tədbirimizdə iştirak etdiyiniz və tələbələrə göstərdiyiniz diqqətə görə təşəkkür edirik. Məhz buna görə bizim məzunların işə qəbul olma reytinqi yüksəkdir. Biz sizə bunun üçün təşəkkür edirik.

 

” Tədbirin sponsorları universitet tərəfindən tədbirə göstərdikləri dəstəyə görə təltif edilmişlər.

 

Şirkət adından tədbirdə çıxış edən SOCAR AQŞ-nin Təşkilati inkişaf bölməsinin rəhbəri Mədinə Paşayeva mükafata görə universitetə təşəkkür etmiş və qeyd etmişdir: “Biz tədbirin təşkilində rol alan hər kəsə təşəkkkür edirik. ADA Universiteti yeni nəsil peşəkarların yetişdirilməsində önəmli rol oynayır. Biz fəxr edirik ki, şirkətimizdə universitetin 16 məzunu işləyir.”

 

İki gün davam edən tədbirdə şirkət təmsilçiləri yüzlərlə iştirakçı ilə ünsiyyət qurmuş və onları şirkətdə olan mövcud vakansiyalar və yay təcrübə proqramı ilə əlaqədar məlumatlandırmışlar. Tələbələr birinci və ikinci kurslarda təhsil alanlar üçün təcrübə proqramı və həmçinin təhsilini bitirdikdən sonra təcrübəçi qismində işləmək imkanları haqqında ətraflı məlumat əldə ediblər. Onlar təcrübə proqramının praktiki faydaları haqqında da məlumatlandırılıblar.

 

SOCAR AQŞ inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlər, elmi-tədqiqat və sənaye assosiasiyaları ilə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.