SOCAR-AQŞ ilin ən nüfuzlu tədbiri - “Global Influencer Day”-ə sponsorluq edib
Bu günlərdə tarixində keçirilən “Global İnfluencer Day” ilk dəfə olaraq Bakıda – Heydər Əliyev Mərkəzində baş tutdu. Daima qabaqcıl texnoloji trendləri və innovasiyaları dəstəkləyən müəssisə olaraq SOCAR-AQŞ tədbirin təşkilatçıları sırasında “qızıl sponsor” kimi iştirak edirdi.
Belə ki, dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu “influencer”-ləri bir araya gətirən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdu. Bir çox əcnəbi qonaqların iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə də iştirak edirdi. Tədbirin spikerləri arasında dünyaca məhşur süni intellektli humanoid robot Sofiya da iştirak edirdi.
İştirakçılar üçün əsas diqqət mərkəzi olan Sofiya ilk dəfə qonaq olduğu Bakıya dəvət olunduğu üçün minnətdarlığını bildirdi. O, Bakının mənzərəsindən və dadına baxa bilməsə də Azərbaycan mətbəxindən zövq aldığını tədbir iştirakçıları ilə bölüşdü. Vurğulamağa dəyər ki, dünyada ilk dəfə bir robota hökümət tərəfindən viza verildiyi üçün Sofiyanın
Azərbaycana səfəri texnologiyaların inkişafında yeni bir mərhələ kimi qiymətləndirilmişdir.
Müəssisənin innovasiya və texnologiyaların inkişafına olan öhdəliyinin bir parçası kimi SOCAR-AQŞ rəhbərliyi və bir qrup işçi heyət də tədbirdə iştirak ediblər.
Xatırladaq ki, “Global İnfluencer Day” SOCAR-AQŞ-nin sponsorluq etdiyi ilk texnoloji və innovasiya yönümlü tədbir deyil. Belə ki, müəssisə dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə birgə Qlobal Startap Laboratoriyasının yaradılmasına dair bu ilin əvvəlində razılaşma imzalayıb. Layihənin əsas məqsədi Azərbaycan bizneslərinin innovativliyinin inkişafına dəstək vermək və veb tətbiqləri vasitəsilə rəqəmsal sahibkarlıq ekosistemini təşviq etməkdən ibarətdir. Bundan başqa, müəssisə 2018-ci ilin sentyabrında Beynəlxalq Qazma Podratçıları Təşkilatı (İADC) ilə birgə neft və qaz sahəsində avtomatlaşdırma və digitalizasiyanın müzakirə edildiyi “Rəqəmsallaşdırma və Transformasiya” adlı tədbirin də təşkilatçısı olub.
SOCAR-AQŞ yüksək texnologiyaların inkişafı yönümlü tədbirlərin keçirilməsinə dəstək verməklə Azərbaycan neft-qaz sektorunun və bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına dəstək vermək niyyətindədir.