12 Oktyabr 2018

İADC-nin Xəzər regionu üzrə Bölməsinin 3-cü rüblük görüşü keçirilmişdir

Məlumat üçün bildiririk ki, 28 sentyabr 2018-ci ildə Bakıda Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (İADC) Xəzər hövzəsi üzrə Bölməsinin növbəti iclası keçirilmişdir.

 

Görüşdə «Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi» mövzusunda panel müzakirələri təşkil olunmuşdur. Müzakirəyə sənayenin müxtəlif sahələrində çalışan tanınmış yerli və beynəlxalq şirkətlərin nümayəndələri dəvət edilmişlər.

 

Tədbiri giriş sözü ilə açan İADC-nin Xəzər hövzəsi üzrə Bölmə rəhbəri, SOCAR AQŞ-də qazma meneceri vəzifəsində çalışan Graham Clark əvvəlcə Bölməyə yenicə üzv olmuş şirkətlər haqqında məlumat verdi. G. Clark qeyd etdi ki, Bölmə yarandığı gündən etibarən neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlər və ali təhsil müəssisələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafına xüsusi diqqətlə yanaşır. Hazırda Xəzər hövzəsi üzrə Bölməyə üzv olan təşkilatların sayı 30-a çatıb. Məruzədə həmçinin Bölmənin 2019-cu ilin ilk rüblüyü üzrə fəaliyyət planı açıqlanıb.

 

Növbəti panel müzakirəsində çıxış edən BP Azərbaycan ofisinin əməkdaşları qazma prosesinin avtomatlaşdırılması istiqamətində şirkətdə tətbiq olunan rəqəmsal texnologiyalar haqqında geniş təqdimatla çıxış etdilər. Quyu tikintisi zamanı əldə olunan məlumatların toplanması və vahid mərkəzdən istifadəsində tətbiq olunan müxtəlif modullar nümayiş etdirildi. Bununla yanaşı, şirkətin əməkdaşları özüllərdə avadanlıqlara texniki nəzarətin təşkili və nasazlıqların vaxtında aşkar edilməsi istiqamətində istifadə olunan pilotsuz uçuş aparatının tətbiqindən danışdılar.

 

MWWirth şirkəti tərəfindən edilən təqdimatda isə, qazma prosesinin daha effektiv həyata keçirilməsində rəqəmsal məlumat bazasından istifadənin əhəmiyyəti vurğulandı. 

 

Daha sonra tədbirdə iştirak edən Norveçin eDrilling şirkətinin məsul əməkdaşı xanım Kenzo Lahlow qazma prosesinin optimallaşdırılmasını dəstəkləyən proqram təminatlarından danışdı. Xanım K. Lahlow qeyd etdi ki, rəqəmsal texnologiyalara keçid ehtimal olunan qeyri-məhsuldar vaxt itkisini və insan faktoru üzündən baş verən xətaları minimuma endirir.

 

Sonda auditoriya ilə məruzəçilər arasında maraqlı sual-cavab sessiyası təşkil olundu.

 

Qeyd edək ki, baş ofisi ABŞ-ın  Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirən qeyri-kommersiya təşkilatıdır.

 

İADC 70 ilə yaxın bir müddətdə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.