SOCAR AQŞ-də tələbələrin 2018-ci il Yay Istehsalat Təcrübəsi Proqramı uğurla başa çatıb
SOCAR AQŞ-nin Yay İstehsalat Təcrübəsi Proqramı çərçivəsində cari ilin iyul-avqust aylarında müəssisənin struktur bölmələrində istehsalat təcrübəsi keçən tələbələrin yay təcrübəsi uğurla başa çatmışdır.
Qeyd edək ki, bu il daxil olan 1500 müraciətə əsasən ilkin seçim mərhələsini, həmçinin test və müsahibə mərhələlərini uğurla keçən 35 tələbə SOCAR AQŞ-də iki aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb.
Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisədə gedən iş prosesi ilə yaxından tanış olaraq stasionar özüllərdə istismarda olan yeni nəsil qazma qurğuları, onlara nəzarət və idarəetmə sistemlərini, texnoloji prosesləri öyrənmişlər.
Təqdimat mərasimində tələbələr arasında SOCAR AQŞ-də biznes proseslərinin və xərclərin optimallaşdırılması məqsədi ilə müsabiqə keçirilmişdir. Müsabiqənin mükafat fondu ümumilikdə 2350 azn təşkil edib.
Müəssisədə istehsalat təcrübəsi keçmiş tələbələr 7 komandada birləşərək qrup təklifləri ilə münsiflər heyəti qarşısında çıxış ediblər.
Qalib komandalar mükafatlara layiq görülüblər.
Tədbirin sonunda müəssisədə istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə Baş direktor tərəfindən müvafiq sertifikatlar təqdim edildi.