26 İyul 2018

SOCAR AQŞ və KCA Deutag Xəzər regionunda birgə müəssisə yaratdılar

İyulun 26-da SOCAR AQŞ və KCA Deutag şirkətləri Xəzər regionunda qazma və mühəndislik xidmətləri sahəsində mövcud və gələcək imkanları hədəfləyən birgə müəssisə yaratmaq barədə razılığa gəldiklərini bəyan etdilər.

 

Birgə idarəetmə və ortaq sahibkarlıq prinsipləri əsasında fəaliyyət göstərəcək yeni yaradılan müəssisə «Turan Qazma və Mühəndislik Şirkəti» adlanır. «Turan Qazma və Mühəndislik Şirkəti», qazma və mühəndislik xidmətləri sahəsində dünyanın ən aparıcı podratçılarından biri olan KCA Deutag şirkətinin səriştəsini və SOCAR AQŞ şirkətinin Xəzər regionu üzrə zəngin təcrübəsini və mütərəqqi infrastrukturunu özündə birləşdirərək Azərbaycanda müştərək əməliyyatların daha da genişləndirilməsinə möhkəm zəmin yaradacaq.

 

Bakıda fəaliyyət göstərəcək Şirkət Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirəcək. Qeyd edilən bölgədə artan tələbatın ödənilməsi istiqamətində şirkət dünya səviyyəli xidmətlər təklif etmək üçün nadir strateji imkanlara malikdir.

 

«Turan Qazma və Mühəndislik Şirkəti» Azərbaycan vətəndaşları üçün yeni iş imkanlarının yaradılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və yerli xidmət sahələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan iqtisadiyyatına töhfə verməyi qarşısına məqsəd qoyur.

 

KCA Deutag-ın Baş icraçı direktoru Norrie McKay birgə müəssisənin yaranması ilə bağlı açıqlama verərkən bildirib: «Bu təşəbbüs şirkətlər qrupumuzun strategiyası çərçivəsində Xəzər regionunda biznesimizi inkişaf etdirmək istiqamətində atılmış önəmli bir addımdır. İnanırıq ki, hər iki şirkətin mövcud təcrübəsinin və imkanlarının bir araya gətirilməsi sayəsində biz müştərilərimizə daha da keyfiyyətli xidmət göstərməklə yanaşı regionda fəaliyyət coğrafiyamızı genişləndirməyə nail olacağıq!».

 

Azərbaycanda 20 ildən çox  müddətdə fəaliyyət  göstərən KCA Deutag şirkətlər qrupunun burada təxminən 780 nəfər işçisi var və onların 79 faizi yerli vətəndaşlardır. KCA Deutag şirkətlər qrupu 1995-ci ildə  ilk qazma müqaviləsini imzaladıqdan sonra Azərbaycanda uğurlu fəaliyyətə başlamışdır. KCA Deutag şirkətlər qrupu qazma qurğularının layihələndirilməsi, qazma qurğularının tikintisinə dəstək, platformalardan qazma xidmətlərinin göstərilməsi və qurğuların istismar üçün sazlanması xidmətlərini həyata keçirir. İstifadə olunan qazma qurğularına mühəndislik xidmətlərinin göstərilməsini isə qrup KCA Deutag şirkətlər qrupuna daxil olan RDS şirkəti vasitəsilə həyata keçirir.