İADC-nin Xəzər regionu üzrə Bölməsinin növbəti rüblük görüşü keçirilmişdir
Bakıda SOCAR AQŞ-nin dəstəyi ilə Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (İADC) Xəzər hövzəsi üzrə Bölməsinin sayca 3-cü rüblük iclası keçirilmişdir.
İADC-nin Yaxın Şərq və Afrika üzrə Regional təmsilçisi cənab Hişam Zebianın da iştirak etdiyi görüşdə “Müxtəliflik: neft-qaz sənayesində qadınların inkişafının dəstəklənməsi” mövzusunda panel müzakirələri təşkil olunmuşdur. Panel müzakirəsinə sənayenin müxtəlif sahələrində çalışan tanınmış işgüzar xanımlar dəvət edilmişlər.
Tədbir iştirakçıları əvvəlcə qadınların hüquq və imkanlarının artırılması və bu sahədə görülən işlərə dair maraqlı video süjeti izləyiblər.
Daha sonra panel müzakirəsində Parker Drilling şirkətinin İnsan Resursları bölməsinin direktoru Səbinə Principe gender bərabərliyi mövzusunun aktuallığından danışıb. “Bərabər imkanlara əlçatanlıq dedikdə, qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar başa düşülür. Hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə hər bir dövlət kişi və qadınların idarəetmədə və qərarların qəbulunda bərabər təmsilçiliyinə və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Qadınların sosial, siyasi və ictimai həyatda zəif iştirakının əsas səbəblərindən biri cəmiyyətdə qadının rolunu daha çox ailə ilə əlaqələndirən ənənəvi stereotiplərdir. Bu cür vəziyyət milli gender strategiyalarında yeni yanaşmaların tətbiqini zəruri edir”.
BP Azərbaycan şirkətində Quyuya nəzarət və Quyu bütövlüyü üzrə meneceri Allison Strong karyerasında əldə etdiyi uğur tarixçəsini auditoriya ilə bölüşərək istənilən məqsədə çatmaq üçün güclü iradə sahibi olmağın əhəmiyyətini xüsusi vurğulayıb. “Şotlandiyanın Aberdin Qazma Məktəbinin kimya fakültəsini bitirdikdən sonra ixtisasartırma ilə bağlı uzaq Alyaskada 6 ay təkmilləşdirmə kursunda iştirak etdim. Neft-qaz sənayesini, xüsusi ilə də qazma sahəsini zərif cinsin nümayəndələri üçün məqbul iş sahəsi hesab etməyənlərə demək istəyirəm ki, hal-hazırda Bakıda rəhbərlik etdiyim komandada kifayət qədər cəsur, bilikli və gənc azərbaycanlı xanım mütəxəssislər də var. Xəzər dənizinin zəngin neft-qaz yataqlarında təhlükəsiz qazma işlərinin aparılmasında qadın texniki heyətinin rolu əvəzsizdir!”.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun köməkçisi Nərgiz Nəsrullayeva öz çıxışında bildirdi ki, son illər ərzində aparılan maarifləndirmə və təşfiqat işləri sayəsində dünyada gender bərabərliyi sahəsində müəyyən irəlləyişlər müşahidə olunsa da, əksər ölkələr hələ də bu mövzuda müzakirələrə hazır deyil. “Bu sahədə ayrı-seçkilik salan sosial strukturlar inadlı olmaqda davam edirlər; əksər cəmiyyətlərdə nəsildən-nəslə keçən ayrı-seçkilik qanun və ənənələr ilə qorunur”.
Müzakirəyə qoşulan BP şirkətinin London ofisinin Qlobal Biznes Xidmətlərində İnsan Resursları üzrə direktoru Leyla Novruzova tədbir iştirakçılarını salamlayaraq karyera sahəsində yüksəliş əldə etmək istəyənlərə öz tövsiyyələrini verib. “İşlədiyiniz sektordan asılı olmayaraq, müvəffəqiyyətin ən böyük açarı çox çalışmaq, gördüyün işdən zövq almaq və inkişaf etməyə davam etməkdir. Mən həmişə deyirəm ki, əlinizdən gələnin ən yaxşısını edin, yeni fürsətlər üçün daima ayıq olun və yeni imkanlarla qarşılaşdıqda onları əldən verməyin.
Məncə bu, uğurun açarıdır!”.
Daha sonra çıxış edən BP Azərbaycan şirkətinin Əməliyyatlar üzrə vitse-prezidenti cənab Elxan Məmmədov vurğulayıb ki, son illər dünyada gender bərabərliyi istiqamətində stereotipləri bir qədər aradan qaldırmaq mümkün olsa da, problem hələ də qalmaqdadır. “Qadınların iqtisadi azadlığının stimullaşdırılmasının təməl şərti onların əlçatan səviyyədə peşə təhsilinə yiyələnməsindən asılıdır. Peşə seçimi zamanı valideynlər övladlarına psixoloji cəhətdən təsir etdiklərindən ayrı-ayrı sahələr üzrə gender balansı pozulur. Dövlət qurumlarında və özəl sektorda kişilər əksəriyyət təşkil etdiyindən qadınlar kişilərə nisbətən rəhbər vəzifələrdə olduqca az təmsil olunurlar, bu səbəbdən onların qərarların qəbuluna təsiri azdır. Amma cəmiyyətdə qadının rolu, onların inkişafa təsiri danılmaz fakt olaraq qalır”.
Sonda təqdimatla çıxış edən İADC-nin Xəzər hövzəsi üzrə Bölmə rəhbəri, SOCAR AQŞ-də qazma meneceri Graham Glark bildirdi ki, məruzəçilərin uğur tarixçələrini dinləməklə biz, əslində fərqli ailələrdə böyümüş, fərqli cəmiyyət və mühitlərdə yaşayan insanların uğura gedən yollarından xəbərdar olduq. “Bu fərqlilik, daha doğrusu müxtəliflik bizə zəngin təcrübə verir. Cinsindən, irqindən, millətindən, dinindən, sosial statusundan asılı olmayaraq insanların bir araya gəlməsi, komanda şəklində fəaliyyət göstərməsi uğura aparan yoldur. Müxtəliflik- uğurun açarıdır. O, sanki müxtəlif rəngli ilmələrdən toxunan gözəl xalçaya bənzəyir. Müxtəlif insanlardan gələn təşəbbüs və ideyalar inkişafa gedən yolun təminatçısıdır. İstənilən təsisat daxilində insan resurslarının düzgün idarə olunması, işəgötürmə prosesinin optimallaşdırılması məhz müxtəlifliyin ortaya çıxardığı təkliflərin konstruktiv müzakirəsindən keçir”.
Tədbirin sonunda auditoriya ilə məruzəçilər arasında maraqlı sual-cavab sessiyası təşkil olunub.
Xatırladaq ki, baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən IADC bütün dünyada neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirən qeyri-kommersiya təşkilatıdır. İADC, 70 ilə yaxın bir müddətdə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.