SOCAR AQŞ-nin dəstəyi ilə MİT-Azərbaycan Qlobal Startap Laboratoriyası fəaliyyətə başladı
Bu günlərdə SOCAR AQŞ MMC-nin dəstəyi ilə ADA Universitetində ilk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyasının açılış mərasimi keçirilib.
Layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni müəssisələrin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir.
MİT-nin müsabiqə komissiyası proqramda iştirakla bağlı müraciət etmiş müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər arasından ən istedadlı 30 tələbəni seçərək onlara 7 həftəlik intensiv kursda iştirak etmək hüququ verib.
Qeyd edək ki, proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin istedadlı tələbələri ilə yanaşı dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də var.
İlk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyasının açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, Dr. Hafiz Paşayev bildirib ki, startap laboratoriyasının fəaliyyətə başlaması ölkənin sahibkarlıq ekosisteminin təkmilləşməsinə əhəmiyyətli dərəcədə təkan verəcək. “Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan, xarici dil və yüksək texniki biliklərə malik olan gənclərin MİT-Azərbaycan Qlobal Startap laboratoriyasında bir araya gəlməsi çox xoşdur. Xüsusi ilə də, iştirakçılar arasında gender balansının gözlənilməsi, qızlarımızın da fəal olaraq kursda iştirak etməkləri təqdirəlayiqdir. ADA Universitetinin İnnovasiyalar Mərkəzi də startap laboratoriyasının bizim universitetdə fəaliyyətə başlaması fürsətindən yararlanaraq həm işçilərini bu proqrama cəlb edəcəklər həm də ideyaların inkişaf etdirilməsi baxımından zəngin təcrübə qazanmış olacaqlar!”.
MİT- Azərbaycan Startap Laboratoriyasının qrup lideri Katherine Curiel Azərbaycanda startap laboratoriyasının ilk intensiv kurs təlimatçısı olduğundan qürur duyduğunu qeyd edib. “MİT məzunu olaraq müxtəlif ölkələrdə işləmək, ən yaxşı təcrübə və müasir yanaşmaları gənclərə aşılamaq böyük məsuliyyət tələb edir. İnanıram ki, Azərbaycanlı gənclər onlar üçün yaradılmış bu nadir fürsətdən lazımınca yararlanacaqlar. Bu pilot layihənin nəticəsi yeni təşəbbüslərin yaranmasına və daha geniş vüsət almasına böyük təkan verəcək!”.
Qeyd edək ki, tədris müddətində gənclərə startap biznesinin təsis edilməsi ilə bağlı dəstək veriləcək. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-nin qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.
SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay Təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR AQŞ Tələbə Təqaüdü təsis edilmişdir.
SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.