SOCAR AQŞ-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
25 may 2018-ci il tarixində müəssisənin Baş inzibati binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Kollektiv əvvəlcə Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş və Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən "Əbədi Ezamiyyət" ekran əsərini izləyiblər. Birinci respublikanın təsisçilərinin keçdikləri fədakar ömrü yolu, onların sarılmaz mücadilələri və Paris Sülh Konfransına yola düşən nümayəndə heyətindən bəhs edən sənədli film tədbir iştirakçılarının böyük marağına səbəb olub.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyi, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd edilib.
Daha sonra müəssisə əməkdaşları arasında "Cümhuriyyətin 100 ili" adlı viktorina keçirilib.
Suallara dolğun cavab verən əməkdaşlara xatirə hədiyyələri təqdim olunub.