SOCAR AQŞ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqələrini genişləndirir
Məlumat üçün bildiririk ki, 9 iyun 2016-cı il tarixində SOCAR AQŞ-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi müəllim-tələbə heyəti ilə görüş keçirilmişdir.
Görüş müəssisənin Tələbələr üçün elan etdiyi Təcrübə proqramı çərçivəsində təşkil edilmişdir. Görüş zamanı müəssisənin Əməliyyatlar, Texniki xidmət, STTƏMM və Təlim və Təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları müəssisənin fəaliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış etmiş və qonaqların suallarını cavablandırmışlar.
Görüşdə həmçinin, yeni istismara verilmiş Bulla-6 DDSÖ-də müəssisənin həyata keçirdiyi qazma işləri və tətbiq etdiyi yeni texnika və texnologiyaları özündə əks etdirən video çarx nümayiş olundu.
Professor M. Babanlı səmimi qəbula görə Baş direktora minnətdarlığını bildirərək ölkənin aparıcı qazma müəssisələrindən biri olan SOCAR AQŞ ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını və bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparılan islahatlardan, kadr hazırlığından geniş danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini önə çəkib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, SOCAR AQŞ 2013-cü ildən etibarən neft-qaz mühəndisliyi sahəsində təhsil alan tələbələr üçün Təcrübə Proqramı elan edir və müəssisə rəhbərliyi proqrama xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc kadrların yetişdirilməsi üçün lazımi şəraiti yaradır.