SOCAR-AQŞ 3-cü Küveyt Beynəlxalq Neft-Qaz Sərgisində iştirak edib
Məlumat üçün bildiririk ki, 13-16 oktyabr 2017-ci il tarixlərində Küveytin Mişref Beynəlxalq Sərgi Salonunda 3-cü Beynəlxalq Neft-Qaz Sərgi və Konfransı keçirilib.
Qeyd edək ki, bu sərgi və konfrans öz əhəmiyyətinə görə Qərbi Asiyanın neft-qaz sənayesi üzrə təşkil olunan nüfuzlu tədbirlərindən birinə çevrilməkdədir. 100-ə yaxın müəssisənin öz texnologiya və avadanlıqlarını nümayiş etdirdiyi və xidmətlərini təqdim etdiyi sərgidə yerli və beynəlxalq neft-qaz şirkətlərindən onlarla peşəkar mütəxəssis iştirak edib.
SOCAR-AQŞ bu beynəlxalq tədbirdə öz sərgi stendi ilə çıxış edərək, müəssisənin fəaliyyət istiqamətlərinə dair maraqlı təqdimatlarla geniş auditoriyanın diqqətini cəlb edə bilib.
Qeyd edək ki, sərginin açılış mərasimində iştirak edən Küveytin Neft, Elektrik və Su naziri Zati-aliləri cənab Issam A. Almarzooq şirkətlərin pavilyonlarına baş çəkmiş və onların sərgilədiyi xidmət sahələri ilə maraqlanmşdır.
Zati-aliləri cənab Issam A. Almarzooq SOCAR-AQŞ-nin sərgi pavilyonunda müəssisəni təmsil edən nümayəndə heyəti ilə görüşmüş, Xəzər dənizinin yüksək təzyiqli və yüksək temperaturlu yataqlarında aparılan qazma işlərinə dair maraqlı video-çarxı izləyib.
Müəssisənin geoloji nöqteyi nəzərdən öz mürəkkəbliyi ilə seçilən «Ümid» və «Bulla» qaz yataqlarında müasir texnika və texnologiyalardan istifadə etməklə inteqrə olunmuş quyu və qazma xidmətlərini göstərməsi Küveytin rəsmi nümayəndə heyəti ilə yanaşı zəngin karbohidrogen ehtiyatlarına malik digər ölkələrin mütəxəssislərinin də böyük marağına səbəb oldu.
Üç gün davam edən beynəlxalq sərgidə mütəxəssislərimiz dünyanın qabaqcıl neft sənayesi şirkətləri və təchizat müəssisələri ilə biznes münasibətləri yaradıb və gələcək işgüzar əlaqələrin əsasını qoyublar.
SOCAR-AQŞ-nin mütəxəssisləri mütəmadi olaraq bir çox mötəbər beynəlxalq sərgi və konfranslarda iştirak etmək üçün dəvətlər alır və belə tədbirlərdə müəssisəni layiqincə təmsil edirlər.