21 Sentyabr 2017

SOCAR-AQŞ 20 sentyabr – Neftçilərin Peşə Bayramını qeyd etdi

20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə SOCAR-AQŞ silsilə tədbirlər həyata keçirmişdir. Əvvəlcə SOCAR-AQŞ-nin əməkdaşları müəssisədə istehsalat təcrübəsi keçən tələbələrlə birgə Fəxri Xiyabanı ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər.

 

Daha sonra müəssisənin Baş Inzibati binasında müəssisədə 2 ay yay istehsalat təcrübəsi keçmiş tələbələrin Yekun Təqdimat mərasimi keçirilmişdir. Tələbələr müəssisədə təhkim oldunqları struktur bölmələri üzrə maraqlı təqdimatla çıxış etmişlər.

 

Müəssisənin digər məsul əməkdaşları da yekun təqdimat mərasimində çıxış edərək tələbələrə uğurlar arzuladılar.

 

Daha sonra SOCAR-AQŞ-nin yaxından əməkdaşlıq etdiyi sifarişçi və xidmət şirkətlərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin iştirak ilə davam edən tədbirdə müəssisənin fəaliyyətinə dair maraqlı video-çarx nümayiş etdirildi.

 

Ölkə rəhbərliyi tərəfindən 19 sentyabr 2017-ci tarixində imzalanmış neft-qaz sənayesi sahəsində çalışan işçilərin təltif olunması sərəncamına əsasən SOCAR-AQŞ rəhbərliyinə və digər məsul əməkdaşlara göstərilən etimada görə Baş direktor kollektiv adından cənab prezident İlham Əliyevə öz dərin təşəkkürünü bildirdi. Belə ki, müvafiq sərəncama əsasən ÜMİD-1 DDSÖ-də çalışan Baş qazma ustası Ələddin Əliyev  "Tərəqqi medal"ları ilə təltif olunmuş, Baş direktorun müşaviri Əli İsmayılov isə prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

 

Bununla yanaşı müəssisənin ÜMİD-1 DDSÖ-də çalışan Baş qazma ustası Çingiz Axundov respublikanın neft-qaz sənayesinnin inkişafına verdiyi xüsusi töhfələrinə görə SOCAR rəhbərliyinin müvafiq fərmanı ilə Fəxri Fərmana layiq görülmüşdür. Müəssisə rəhbərlyi əməkdaşlarına verilən qiymət və göstərilən qayğıya görə SOCAR-AQŞ kollektivi adından SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevə minnətdarlığını bildirdi.

 

Baş direktorun çıxışından sonra müəssisənin inkişafına verdikləri töhfələrə görə bir qrup əməkdaşa plaket və xatirə hədiyyələri təqdim olundu.

 

Tədbirin gündəliyindəki növbəti tədbir müəsssisədə uğurla yay istehsalat təcrübəsi keçmiş 12 tələbəyə müvafiq sertifikatların təqdim edilməsi oldu.

 

Daha sonra 2017-2018-ci tədris ili üçün müəssisənin Tələbə Təqaüdü Müsabiqəsinin qalibləri elan olundu.

 

Müəssisə rəhbərliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi fakultəsinin 4-cü kurs tələbəsi Rasim Həsənzadəni və Bakı Ali Neft Məktəbinin 5-ci kurs tələbəsi Arif Sadıqlını müsabiqənin qalibləri elan edərək tələbələri təbrik etdilər.

 

Sonra SOCAR-AQŞ-nin əsas sifarişçi şirkətlərindən biri olan SOCAR-ÜMİD MMC-nin Baş direktoru Əli Qurbanov çıxış edərək bütün neftçiləri peşə bayramı münasibətilə təbrik etdi.  

 

"SOCAR-AQŞ ilə birgə səylərimizi birləşdirərək Ümid-1 DDSÖ-dən 14 saylı quyunu yüksək keyfiyyətlə qazaraq hasilat fonduna qəbul etdik. Bu nəticə respublikamız üçün çox önəmli idi və biz bu sınaqdan uğurla çıxdıq. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətlə davam edəcək".

 

Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz növbəsində SOCAR-AQŞ kollektivini peşə bayramı münasibətilə təbrik edərək müəssisənin beynəlxalq qazma layihələrində də uğur qazanacağına əminliyini ifadə etdi.

 

Müəssisədə tələbələr üçün yaradılan istehsalat təcrübəsi və Tələbə Təqaüdü müsabiqəsi üçün Baş direktora təşəkkürünü bildirən rektor ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək əlaqələrin getdikcə daha geniş vüsət alacağına əminliyini bildirdi.

 

Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət təşkil olundu.