SOCAR-AQŞ ‘’Günəşli’’ yatağinda daha bir quyu tikintisini keyfiyyətlə başa vurdu
SOCAR-AQŞ 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2850 m olan 317 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırib.
Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir.
SOCAR-AQŞ Hong Hua ZJ 70/4500 DZ qazma qurğusu vasitəsilə özüldən 316, 318 və 317 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil vermiş və hal-hazırda eyni ozüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan Bentec 3000 HP vasitəsilə ilk quyunun, 29 saylı quyunun qazılmasını uğurla davam etdirir. Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Redaktorlar üçün qeyd:
SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, ‘’Ümid’’ yatağının 1 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
SOCAR-AQŞ, API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.