28 Yanvar 2026

SOCAR AQŞ "IADC Drilling Caspian & Black Sea 2026"-nın Qızıl Sponsorudur

 

 

 

SOCAR AQŞ, 4–5 fevral 2026-cı il tarixlərində Bakı şəhərində, Baku Marriott Hotel Boulevard otelində keçiriləcək “IADC Drilling Caspian & Black Sea 2026” Konfrans və Sərgisinin Qızıl Sponsoru olmaqdan məmnunluq duyur. 


Konfrans Xəzər və Qara dəniz regionunda fəaliyyət göstərən sənaye liderlərini, qazma üzrə peşəkarları və texniki ekspertləri bir araya gətirərək qabaqcıl təcrübələrin mübadiləsi,  əməliyyat və texnoloji təcrübənin paylaşılması üçün platforma yaradacaq. Tədbirin proqramında qazma səmərəliliyi, quyu bütövlüyü, təhlükəsizlik və təlim, işçi qüvvəsinin inkişafı, eləcə də avtomatlaşdırma, rəqəmsal əkizlər və süni intellekt kimi qabaqcıl texnologiyaların tətbiqi əsas mövzular olacaq. Bununla yanaşı, regionda neft-qaz sənayesinin təsirini və texniki nailiyyətləri əks etdirən real layihə nümunələri təqdim ediləcək.


Bu il SOCAR AQS konfransda rəhbərliyin iştirakı, əsas çıxışlar və peşəkar texniki biliklərin paylaşılması ilə fəal təmsil olunacaq. SOCAR AQŞ-nin Baş direktoru və IADC Xəzər Bölməsinin sədri Samir Mollayev tədbirdə çıxış edərək Bölmənin fəaliyyəti və strateji prioritetləri barədə məlumat verəcək. SOCAR AQŞ-nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov isə əsas məruzəçi qismində çıxış edərək SOCAR AQŞ Türkiyə əməliyyatları və regional fəaliyyətlərə dair ümumi icmal təqdim edəcək.


SOCAR AQŞ-nin texniki imkanları həmçinin Geoloq Saleh Orucovun “Təzyiqin proqnozlaşdırılması metodologiyaları və MPD tətbiqi” mövzusunda panel müzakirəsində iştirakı, eləcə də Qazma Mühəndisi Nigar Hacıbəyovanın “Qazma əməliyyatlarında insan amilindən irəli gələn səhvlərin azaldılmasında rəqəmsal əkizlər və real vaxt rejimində süni intellekt həllərinin rolu” mövzusunda texniki təqdimatı vasitəsilə nümayiş olunacaq. Bundan əlavə, SOCAR AQŞ-nin Qazma Mühəndisliyi üzrə meneceri Elşən İsmayılov “Rəqəmsal əkizlər və avtomatlaşdırma: Qazma və tamamlama işlərinin gələcəyi” adlı sessiyaya sədrlik edəcək.


Qızıl Sponsorluğu və konfrans proqramında fəal iştirakı ilə SOCAR AQŞ qazma texnologiyalarının inkişafına töhfə vermək, təhlükəsizlik və əməliyyat səmərəliliyini gücləndirmək, həmçinin Xəzər və Qara dəniz regionunda bilik mübadiləsi və peşəkar inkişafı dəstəkləmək öhdəliyini bir daha təsdiqləyir.