SOCAR AQS “Günəşli” yatağında daha bir quyunun qazma işlərini uğurla tamamladı

Məmnuniyyətlə bildiririk ki, SOCAR AQŞ “Günəşli” yatağında 7 saylı platformadan 27 nömrəli quyunun qazma işlərini uğurla tamamlamış və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil vermişdir.
Layihə mürəkkəb geoloji şəraitdə icra olunmuş, planlaşdırılmış dərinlikdən daha dərinə peşəkarlıqla qazılmışdır. Quyunun bütövlüyünün və uzunmüddətli istismar etibarlılığının təmin olunması məqsədilə qabaqcıl kəmərendirmə və sementləmə texnologiyalarından istifadə olunmuşdur.
Quyu fontan üsulu ilə istismara təhvil verilmiş və hal-hazırda yüksək hasilat göstəriciləri ilə fəaliyyət göstərir. Qeyd etmək istərdik ki, bu günədək SOCAR AQŞ tərəfindən “Günəşli” yatağında ümumilikdə 72 quyu qazılaraq sifarişçiyə yüksək hasilatla təhvil verilmişdir.
Bütün əməliyyatlar sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi standartlarına tam uyğun şəkildə həyata keçirilmişdir. Bu, SOCAR AQŞ-nin məsuliyyətli və yüksək keyfiyyətli layihə icrasına davamlı sadiqliyini bir daha nümayiş etdirir.
Bu uğurlu əməliyyatda iştirak edən SOCAR-ın “Azneft” İB-yə, podratçı tərəfdaşlarımıza və layihəyə töhfə verən bütün əməkdaşlarımıza dərin təşəkkürümüzü bildiririk.
Əminik ki, bu tərəfdaşlıq gələcəkdə daha böyük hədəflərə çatmaq üçün möhkəm əsas yaradacaq və qarşıdakı illərdə birgə layihələrdə yeni nailiyyətlərə imza atmağa davam edəcəyik.
SOCAR AQŞ haqqında
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.