SOCAR AQŞ təcrübə proqramı vasitəsilə gələcək istedadları dəstəkləyir
Müxtəlif universitetlərin on istedadlı tələbəsinin iştirak etdiyi SOCAR AQŞ-nin yay təcrübə proqramı uğurla başa çatıb.
Gənc istedadların inkişafına töhfə verən bu proqram, hər il olduğu kimi tələbələrə qazma sənayesi haqqında praktiki təcrübə və bilik qazandırmağa imkan yaradıb.
Proqram çərçivəsində hər bir tələbə SOCAR AQŞ-nin müvafiq şöbəsinə təhkim olunub və ixtisası üzrə təcrübə imkanı əldə edib. Qazma şöbəsində təcrübə alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları, Neft Qaz Mühəndisliyi ixtisası üzrə tələbəsi Eldəniz Quliyev, Azərbaycan-Fransız Universitetinin tələbəsi Fərid Əsədli və ADNSU-nun tələbəsi Fatimə Əliyeva proqramla bağlı öz təəssüratlarını bizimlə bölüşüblər. Onlar, SOCAR AQŞ təcrübə proqramını peşəkar inkişaf üçün əvəzsiz bir fürsət kimi gördüklərini bildirib və qazma mühəndisliyi sahəsində yüksək səviyyədə bilik və praktiki təcrübə əldə etmək üçün mükəmməl bir platforma olduğunu vurğulayıblar.
SOCAR AQŞ-nin təcrübəli mütəxəssislərin rəhbərliyi altında təcrübəçilər öz akademik biliklərinə və maraq dairələrinə uyğun olaraq müxtəlif tapşırıq və layihələrdə fəal iştirak ediblər. Əməliyyatlara Dəstək şöbəsində təcrübə keçən Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsinin tələbəsi Samirə Qəribova, Bakı Mühəndislik Universitetinin Elektronika Mühəndisliyi fakültəsinin tələbəsi İslam Məhəmmədov və ADNSU-nun Proseslerin Avtomatlasdirilmasi Mühəndisliyi fakültəsinin tələbəsi Sadiq Cəfərzadə təcrübə proqramında böyük həvəslə iştirak ediblər. Onlar SOCAR AQŞ-də təcrübə proqramını qazma əməliyyatları ilə yaxından tanış olmaq və burdakı peşəkar mühitdə inkişaf etmək imkanı kimi gördüklərini ifadə ediblər.
Təchizat və Satınalmalar, eləcə də Maliyyə şöbələrində təcrübə qazanan ADA universitetinin tələbələri Murad Salahlı və Nuray Məmmədova da müxtəlif layihələrdə fəal iştirak edərək səmərəli işləmək bacarıqlarını nümayiş ediblər. Onlar SOCAR AQŞ yay təcrübə proqramından danışarkən iş mühitinin çox peşəkar və dəstəkləyici olduğunu, burada komanda işini və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirə bildiklərini qeyd ediblər.
Proqram müddətində bütün istedadlı təcrübəçilərimizin əhəmiyyətli işi ilə qürur duyuruq. Təcrübə proqramımızda iştirak edən tələbələrə uğurlu fəaliyyətlərinə və dəyərli töhfələrinə görə təşəkkür edirik. Onlara təhsillərində və gələcək karyeralarında müvəffəqiyyətlər arzulayırıq.