18 Oktyabr 2016

SOCAR-AQŞ-də Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

18 oktyabr 2016-cı il tarixində SOCAR-AQŞ-nin Baş İnzibati binasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Dövlət Müstəqilliyi Günündən bəhs edən videoçarxı izləyiblər.

 

Daha sonra Baş direktorun müşaviri Əli İsmayılov çıxış edərək Dövlət Müstəqilliyi günü münasibətilə iştirakçıları təbrik edib. "Müstəqil yaşamaq, öz suveren dövlətini qurmaq hər bir xalqın arzusudur. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 il sonra yaransa da bu dəfə müstəqilliyimizi rəşadətlə bərpa edə bildik. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev hələ 1970-ci illərdə respublikaya rəhbərlik edərkən bir sıra əhəmiyyətli strategiyaların müəllifi oldu, onları mərhələlərlə həyata keçirdi. Bu uzaqgörən siyasət sayəsində xalqımız bütün sahələrdə öz qüdrətini bərpa edə bildi".

 

SOCAR-AQŞ-nin qazma prosesi üzrə məsləhətçisi Məmmədağa Əliyev çıxış edərək bildirdi ki, 1991-ci ildə Vyetnam Sosialist Respublikasında neft-qaz sektorunda çalışan hər bir azərbaycanlı neftçi kimi o, da respublikada baş verən hadisələri diqqətlə izləyir və azadlıq uğrunda başlayan mücadilənin aqibətini intizarla gözləyirdi. "SSRİ-də azadlıq uğrunda mübarizənin əsas episentri Azərbaycan idi. Bizim apardığımız davamlı nümayişlər, müstəqillik uğrunda çağrışlar digər respublikaların ictimaiyyəti üçün də ilham mənbəyi oldu".

 

Daha sonra Qazma qurğusunun rəisi vəzifəsində çalışan Dilman Kosayev o illəri xatırlayaraq bildirdi ki, həmin dövrdə o, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi idi. "Biz meydanlara axışaraq azadlıq çağrışlarına qoşulur və respublikamızın müstəqilliyinin bərpası üçün həmrəylik nümayiş etdirirdik. Sevinirəm ki, zəhmətimiz hədər getmədi. Azadlıq əldə olundu, amma onu qorumaq ondan da çətin oldu. Belə ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yarandı. Bu müdrik siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir".

 

Digər çıxış edənlər də Müstəqillik Gününün əhəmiyyətindən, ölkəmizin bugünkü dayanıqlı inkişafından danışıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan regionun lider dövləti olmaqla yanaşı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilib.