11 Oktyabr 2022

SOCAR AQŞ ilk dəfə “Batch drilling” üsulu ilə dörd quyuda qazma işlərini uğurla başa çatdırıb

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ “Qərbi Abşeron” yatağında faktiki dərinliyi 794, 850, 833 və 870 metr olan 147, 148, 149 və 150 saylı quyuların tikinti işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

 

Quyular təsdiqlənmiş dizayna uyğun olaraq qazılmış, heç bir mürəkkəbləşməyə yol vermədən, iqtisadi səmərəli şəkildə tikilərək sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilmişdir.

 

Dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi özünün yenilikçi yanaşması ilə tarixində ilk dəfə olaraq bu quyuların qazılması zamanı "Batch Drilling” (bir neçə quyunun eyni seksiyasının ardıcıllıqla qazılması) üsulu tətbiq etmişdir. Bu üsulun əsas üstünlüyü avadanlıq və xidmətlərin logistikasıdır. Belə ki, bu qazma üsulu eyni avadanlıq və xidmətlərdən istifadə etməklə, bir neçə quyunun eyni seksiyasının ardıcıllıqla qazılmasını əməliyyatların optimallaşdırılması və xərclərin azaldılması baxımından çox daha səmərəli edir.

 

SOCAR AQŞ gələcək layihələrində də qazma əməliyyatlarının təhlükəsizliyini, etibarlılığını və səmərəliliyini artırma istiqamətində yenilikçi addımlar atmağa davam edəcəkdir.