SOCAR AQS İraq Qazma şirkətinin nümayəndə heyəti ilə görüşüb
SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev İraq Qazma Şirkətinin (İQŞ) Baş Direktoru Basim Abdulkareemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
SOCAR AQŞ-nin dəvəti ilə Bakı ofisində keçirilən görüşdə Samir Mollayev qonaqlara Azərbaycanın qədim tarixə, zəngin ənənələrə malik neft və qaz sənayesinin inkişafı barədə məlumat vermiş, şirkətin həyata keçirdiyi qazma layihələri və əldə edilmiş nailiyyətlərdən bəhs etmişdir.
Tərəflər görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və qazma sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu haqqında fikir mübadiləsi aparmışdır.
SOCAR AQŞ-nin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlərlə yaxından tanış olan qonaqlar şirkətin istehsalat və təchizat bazalarını, həmçinin SOCAR AQŞ tərəfindən təsis edilən beynəlxalq səviyyədə akkreditə olunmuş təlim mərkəzi - Bakı Qazma Məktəbini də ziyarət etmişlər.