Təcrübə Proqramı uğurla başa çatdı, təcrübəçilərin naliyyətləri isə davam edir
SOCAR AQŞ-nin təşkil etdiyi 3 aylıq Təcrübə Proqramı uğurla başa çatıb. Təhsil sahələrinə uyğun təcrübə alan Bakı Ali Neft Məktəbinin sonuncu kurs tələbələri proqram boyunca praktiki biliklərə yiyələnərək, müxtəlif layihələrdə iştirak etmək imkanı əldə ediblər.
Təcrübəçilərdən Ələkbər Ələkbərov proqram haqqında öz təəsüratlarını bölüşərkən, bu müddət ərzində yeni biliklər qazandığını, proqramın ona bu çətin sahədə təkmilləşməsinə kömək etdiyini və yeni əlaqələr qurmağa imkan yaratdığını vurğuladı. Proqramı uğurla tamamlayan Ələkbər hazırda BP şirkətinə işə qəbul olub.
Digər bir təcrübəçimiz Türkan Məmmədova öz təhsilini xaricdə davam etdirmə xəyalını reallaşdıraraq DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdünü qazanıb.
Orxan Məmmədov adlı təcrübəçimiz isə proqram sonunda SOCAR AQŞ ailəsinə qoşularaq Qazma Mühəndisliyi komandasına işə qəbul olub.
Proqramda iştirak etmiş təcrübəçilər SOCAR AQŞ rəhbərliyinə, Qazma Mühəndisliyi üzrə Direktor Apparao Cherekuriyə, Qazma Mühəndisliyi komandası və bütün SOCAR AQŞ əməkdaşlarına öz dərin minnətdarlıqlarını bildirdilər. Proqramın sonunda hər bir iştirakçı bitirdiyi proqram üzrə sertifikatlarla təltif olunublar.
SOCAR AQŞ ailəsi olaraq bütün təcrübəçilərimizin uğurları ilə fəxr edir, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzu edirik.