27 Noyabr 2019

SOCAR AQŞ BMT-nin təşkil etdiyi Məsuliyyətli Biznes Konfransında iştirak edib

BMT-nin təşkilatçılığı ilə 26 noyabr, 2019-cu ildə Bakı şəhərində Məsuliyyətli Biznes Konfransı keçirilib. SOCAR AQŞ-nin də qatıldığı tədbirdə Azərbaycanın aparıcı biznesləri BMT-nin Qlobal Sazişinin prinsiplərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət və strategiyalarına salınmasını müzakirə ediblər.

 

Dövlət orqanları, bizneslər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin icrasında biznesin rolu əsas müzakirə mövzusu olub. BMT-nin rezident əlaqələndiricisinin ofisi, UNİCEF, BMT-nin Qlobal Sazişi, BMT Qadınlar və BMT-nin İnkişaf Proqramının birgə təşkil etdiyi konfransda BMT-nin Qlobal Sazişinin 10 prinsipinin biznes siyasətləri və təcrübələrinə inteqrasiyasının əhəmiyyəti vurğulanıb.         

 

Konfrans çərçivəsində baş tutan seminarlar zamanı iştirakçılar dayanıqlı biznes təcrübələrinin uğurlu nümunələrini və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) şirkətlərin maliyyə, əməliyyat və qərarların qəbulu proseslərinə inteqrasiyası yollarını müzakirə ediblər. Çıxış edənlər həmçinin korporativ mühitdə gender bərabərliyi və qadınların qabaqcıl vəzifələrə irəli çəkilməsini təşviq edən prinsiplərin dəstəklənməsində bizneslərin rolu haqqında danışıblar.

 

2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10 min şirkət və 3 min qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.