SOCAR AQŞ 10-cu Azərbaycan Beynəlxalq təhsil sərgisində iştirak edib
Məlumat üçün bildiririk ki, 2016-cı il, 7-9 oktyabr tarixlərində Bakı Expo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə 10-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirilib.
Tədbir çərçivəsində təşkil olunan karyera sərgisinə Azərbaycanın bir sıra müəssisə və şirkətləri də qatılıb.
Qeyd edək ki, sərginin ilk günündən etibarən SOCAR AQŞ əməkdaşları sərgidə iştirak edən ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə birgə təhsillə əmək bazarı arasında uyğunluğun təmin edilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan yeni yanaşmalara dair maraqlı fikir mübadilələri aparıblar. Bu kimi müzakirələr ali təhsil müəssisələri və karyera mərkəzləri arasında konstruktiv və effektiv dialoq mühitinin yaranmasına təkan verir.
Misal olaraq qeyd edə bilərik ki, SOCAR AQŞ öz işçilərinin karyera inkişafını sürətləndirmək üçün yeni yaratdığı və uğurla tətbiq etidyi FASTRAK proqramı sərgi iştirakçılarında zəngin təəssürat yaratmışdır.
İşçi heyətinin bilik və peşə bacarıqlarının artırılması üçün yaradılan FASTRAK Bilik Mərkəzi, kitabxana və digər müvafiq maddi-texniki baza haqqında məlumatlar və korporativ kitabçalar işaxtaran məzunlarla yanaşı tələbələr üçün də böyük maraq kəsb edib.
Bununla yanaşı müəssisənin hər il ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi Yay İstehsalat Təcrübəsi proqramı da neft və qaz sahəsində karyera qurmaq istəyən tələbələri müəssisənin müxtəlif strukturlarının fəaliyyətinə fəal şəkildə cəlb etməklə zəngin təcrübə toplamalarında xüsusi rol oynayır. Belə ki, proqramı uğurla tamamlayan tələbələr müəssisənin potensial əməkdaşlarına çevrilirlər.
SOCAR AQŞ daha bir layihəyə imza ataraq neft və qaz mühəndisliyi ixtisası üzrə tədrisdə yüksək nailiyyətlər əldə etmiş tələbələr üçün müəssisənin Tələbə Təqaüdü Müsabiqəsini təsis edib. Tələbə Təqaüdü müsabiqəsi tələbələr arasında rəqabət mühiti yaradaraq onların tədris prosesində fəallığını artırır və təhsilə marağını stimullaşdırır.
3 gün ərzində davam edən sərgidə xeyli tələbə və gənc məzunlar SOCAR AQŞ-yə məxsus stendə yaxınlaşaraq əməkdaşlarımıza müəssisənin fəaliyyətinə dair çoxsaylı suallar ünvanlayıblar.
Sənaye müəssisələri, ali təhsil məktəbləri və elmi araşdırma mərkəzləri arasında dinamik əlaqələrin inkişafına önəm verən SOCAR AQŞ bundan sonra da bu kimi təşəbbüslərin dəstəklənməsində öz töhfəsini verəcək.