İADC-nin Xəzər regionu üzrə Bölməsinin 3-cü rüblük görüşü keçirilmişdir

  • 12/10/2018

    Məlumat üçün bildiririk ki, 28 sentyabr 2018-ci ildə Bakıda Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (İADC) Xəzər hövzəsi üzrə Bölməsinin növbəti iclası keçirilmişdir.

    Görüşdə «Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi» mövzusunda panel müzakirələri təşkil olunmuşdur. Müzakirəyə sənayenin müxtəlif sahələrində çalışan tanınmış yerli və beynəlxalq şirkətlərin nümayəndələri dəvət edilmişlər.

    Tədbiri giriş sözü ilə açan İADC-nin Xəzər hövzəsi üzrə Bölmə rəhbəri, SOCAR AQŞ-də qazma meneceri vəzifəsində çalışan Graham Clark əvvəlcə Bölməyə yenicə üzv olmuş şirkətlər haqqında məlumat verdi. G. Clark qeyd etdi ki, Bölmə yarandığı gündən etibarən neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlər və ali təhsil müəssisələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafına xüsusi diqqətlə yanaşır. Hazırda Xəzər hövzəsi üzrə Bölməyə üzv olan təşkilatların sayı 30-a çatıb. Məruzədə həmçinin Bölmənin 2019-cu ilin ilk rüblüyü üzrə fəaliyyət planı açıqlanıb.

    Daha sonra SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev “Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi” mövzusunda çıxış edərək texnoloji yeniliklərin tətbiqinin zəruriliyindən danışdı.

    1980-1990-cı illər ərzində neft-qaz sənayesində geniş vüsət almış elmi-texniki araşdırmalardan söz açan R. İsayev rotorla idarəetmə sistemində rəqəmsal modelləşmə imkanlarından istifadə, 3 fəzalı seysmik idarəetmə metodu vasitəsilə məlumat bazasının vizuallaşdırılmasının yüksək səviyyəyə çatdırılması və yeni nəsil DP3 tipli qazma gəmilərin sinxronlaşdırılması və naviqasiyasında əldə olunmuş nailiyyətlər haqqında geniş məruzə etdi.

    «Dünya İqtisadi Forumu/Accenture 2017-ci il hesabatına əsasən növbəti 3-5 il ərzində böyük məlumat bankının toplanması və təhlili, İoT və yeni nəsil mobil cihazların yaradılması ən proritet sahələr olmaqla iri həcmli sərmayə qoyuluşunu labüd edəcək. Neft-qaz sənayesində rəqəmsal texnologiyalara keçid  isə əsasən əməliyyatların optimallaşdırılmasında, texniki xidmətin intelektual idarəedilməsində və istehlakçı tərəfindən enerji mənbələrinin seçim prosesində müşahidə olunacaq.  Bu sahələrdə rəqəmsal texnologiyaların tətbiqi işlərin daha sadə, təhlükəsiz və səmərəli təşkilinə təkan verəcək!» - R. İsayev vurğuladı.

    Növbəti panel müzakirəsində çıxış edən BP Azərbaycan ofisinin əməkdaşları qazma prosesinin avtomatlaşdırılması istiqamətində şirkətdə tətbiq olunan rəqəmsal texnologiyalar haqqında geniş təqdimatla çıxış etdilər. Quyu tikintisi zamanı əldə olunan məlumatların toplanması və vahid mərkəzdən istifadəsində tətbiq olunan müxtəlif modullar nümayiş etdirildi. Bununla yanaşı, şirkətin əməkdaşları özüllərdə avadanlıqlara texniki nəzarətin təşkili və nasazlıqların vaxtında aşkar edilməsi istiqamətində istifadə olunan pilotsuz uçuş aparatının tətbiqindən danışdılar.

    MWWirth şirkəti tərəfindən edilən təqdimatda isə, qazma prosesinin daha effektiv həyata keçirilməsində rəqəmsal məlumat bazasından istifadənin əhəmiyyəti vurğulandı. 

    Daha sonra tədbirdə iştirak edən Norveçin eDrilling şirkətinin məsul əməkdaşı xanım Kenzo Lahlow qazma prosesinin optimallaşdırılmasını dəstəkləyən proqram təminatlarından danışdı. Xanım K. Lahlow qeyd etdi ki, rəqəmsal texnologiyalara keçid ehtimal olunan qeyri-məhsuldar vaxt itkisini və insan faktoru üzündən baş verən xətaları minimuma endirir.

    Sonda auditoriya ilə məruzəçilər arasında maraqlı sual-cavab sessiyası təşkil olundu.

    Qeyd edək ki, baş ofisi ABŞ-ın  Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirən qeyri-kommersiya təşkilatıdır.

    İADC 70 ilə yaxın bir müddətdə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR-AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı