SOCAR AQŞ və KCA Deutag Xəzər regionunda birgə müəssisə yaratdılar

  • 26/07/2018

    İyulun 26-da SOCAR AQŞ və KCA Deutag şirkətləri Xəzər regionunda qazma və mühəndislik xidmətləri sahəsində mövcud və gələcək imkanları hədəfləyən birgə müəssisə yaratmaq barədə razılığa gəldiklərini bəyan etdilər.

    Birgə idarəetmə və ortaq sahibkarlıq prinsipləri əsasında fəaliyyət göstərəcək yeni yaradılan müəssisə «Turan Qazma və Mühəndislik Şirkəti» adlanır. «Turan Qazma və Mühəndislik Şirkəti», qazma və mühəndislik xidmətləri sahəsində dünyanın ən aparıcı podratçılarından biri olan KCA Deutag şirkətinin səriştəsini və SOCAR AQŞ şirkətinin Xəzər regionu üzrə zəngin təcrübəsini və mütərəqqi infrastrukturunu özündə birləşdirərək Azərbaycanda müştərək əməliyyatların daha da genişləndirilməsinə möhkəm zəmin yaradacaq.

    Bakıda fəaliyyət göstərəcək Şirkət Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirəcək. Qeyd edilən bölgədə artan tələbatın ödənilməsi istiqamətində şirkət dünya səviyyəli xidmətlər təklif etmək üçün nadir strateji imkanlara malikdir.

    «Turan Qazma və Mühəndislik Şirkəti» Azərbaycan vətəndaşları üçün yeni iş imkanlarının yaradılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və yerli xidmət sahələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan iqtisadiyyatına töhfə verməyi qarşısına məqsəd qoyur.

    KCA Deutag-ın Baş icraçı direktoru Norrie McKay birgə müəssisənin yaranması ilə bağlı açıqlama verərkən bildirib: «Bu təşəbbüs şirkətlər qrupumuzun strategiyası çərçivəsində Xəzər regionunda biznesimizi inkişaf etdirmək istiqamətində atılmış önəmli bir addımdır. İnanırıq ki, hər iki şirkətin mövcud təcrübəsinin və imkanlarının bir araya gətirilməsi sayəsində biz müştərilərimizə daha da keyfiyyətli xidmət göstərməklə yanaşı regionda fəaliyyət coğrafiyamızı genişləndirməyə nail olacağıq!».

     

    Azərbaycanda 20 ildən çox  müddətdə fəaliyyət  göstərən KCA Deutag şirkətlər qrupunun burada təxminən 780 nəfər işçisi var və onların 79 faizi yerli vətəndaşlardır. KCA Deutag şirkətlər qrupu 1995-ci ildə  ilk qazma müqaviləsini imzaladıqdan sonra Azərbaycanda uğurlu fəaliyyətə başlamışdır. KCA Deutag şirkətlər qrupu qazma qurğularının layihələndirilməsi, qazma qurğularının tikintisinə dəstək, platformalardan qazma xidmətlərinin göstərilməsi və qurğuların istismar üçün sazlanması xidmətlərini həyata keçirir. İstifadə olunan qazma qurğularına mühəndislik xidmətlərinin göstərilməsini isə qrup KCA Deutag şirkətlər qrupuna daxil olan RDS şirkəti vasitəsilə həyata keçirir.

    SOCAR AQŞ şirkətinin Baş Direktoru Ramin İsayev bu gün birgə müəssisənin yaranmasına dair müqavilənin imzalanmasının Azərbaycanın neft-qaz sənayesi tarixində çox əlamətdar hadisə olduğunu bildirdib. «Bu gün əsasını qoyduğumuz birgə müəssisə, SOCAR AQŞ və KCA Deutag şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən, bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox ciddi rol oynayacaq.»

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı