SOCAR AQŞ-nin dəstəyi ilə MİT-Azərbaycan Qlobal Startap Laboratoriyası fəaliyyətə başladı

  • 27/06/2018

    Bu günlərdə SOCAR AQŞ MMC-nin dəstəyi ilə ADA Universitetində ilk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyasının açılış mərasimi keçirilib.

    Layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni müəssisələrin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir.

    MİT-nin müsabiqə komissiyası proqramda iştirakla bağlı müraciət etmiş müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər arasından ən istedadlı 30 tələbəni seçərək onlara 7 həftəlik intensiv kursda iştirak etmək hüququ verib.

    Qeyd edək ki, proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin istedadlı tələbələri ilə yanaşı dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də var.

    İlk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyasının açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, Dr. Hafiz Paşayev bildirib ki, startap laboratoriyasının fəaliyyətə başlaması ölkənin sahibkarlıq ekosisteminin təkmilləşməsinə əhəmiyyətli dərəcədə təkan verəcək.  “Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan, xarici dil və yüksək texniki biliklərə malik olan gənclərin MİT-Azərbaycan Qlobal Startap laboratoriyasında bir araya gəlməsi çox xoşdur. Xüsusi ilə də, iştirakçılar arasında gender balansının gözlənilməsi, qızlarımızın da fəal olaraq kursda iştirak etməkləri təqdirəlayiqdir. ADA Universitetinin İnnovasiyalar Mərkəzi də startap laboratoriyasının bizim universitetdə fəaliyyətə başlaması fürsətindən yararlanaraq həm işçilərini bu proqrama cəlb edəcəklər həm də ideyaların inkişaf etdirilməsi baxımından zəngin təcrübə qazanmış olacaqlar!”.

    SOCAR AQŞ MMC-nin Baş direktoru Ramin İsayev proqramda iştirak etmək hüququ qazanmış tələbələri təbrik edərək onlara tədris müddətində müvəffəqiyyətlər arzulayıb və deyib: “Bildiyiniz kimi “Kompüter texnologiyalarının mərkəzi” adlandırılan Massaçusets Texnologiya İnstitutu (MIT) elm və texnologiya və süni intellekt sahələri üzrə dünya lideridir. MIT- çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Təsadüfü deyil ki, biz məhz bu məşhur elm ocağının Startap Laboratoriyasını pilot layihə olaraq Azərbaycana, siz gənclər üçün gətirmişik. İntensiv kurs ərzində siz, ideyalarınızı təkmilləşdirmək üçün çərçivə prinsiplərini öyrənəcəksiniz. Bu biliklər sayəsində siz öz ideyalarınızı yerli və milli səviyyədən qlobal səviyyəyə daşıya biləcəksiniz. Məqsədimiz siz gənclərin vasitəsilə ölkəmizin gənc innovativ sahibkarlıq mühitinin inkişafına dəstək verməkdir!”.

    MİT- Azərbaycan Startap Laboratoriyasının qrup lideri Katherine Curiel Azərbaycanda startap laboratoriyasının ilk intensiv kurs təlimatçısı olduğundan qürur duyduğunu qeyd edib. “MİT məzunu olaraq müxtəlif ölkələrdə işləmək, ən yaxşı təcrübə və müasir yanaşmaları gənclərə aşılamaq böyük məsuliyyət tələb edir. İnanıram ki, Azərbaycanlı gənclər onlar üçün yaradılmış bu nadir fürsətdən lazımınca   yararlanacaqlar. Bu pilot layihənin nəticəsi yeni təşəbbüslərin yaranmasına və daha geniş vüsət almasına böyük təkan verəcək!”.

    Qeyd edək ki, tədris müddətində gənclərə startap biznesinin təsis edilməsi ilə bağlı dəstək veriləcək. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-nin qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.

    SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay Təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR AQŞ Tələbə Təqaüdü təsis edilmişdir.

    SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı