SOCAR AQŞ ilə Banqladeşin BAPEX Şirkəti arasında Anlaşma Memorandumu imzalandı

  • 20/02/2018

    Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi cənab Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi cənab Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşmüşlər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu Baş direktorun Əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin Baş meneceri İslam Muhəmməd Novşad imzalamışlar.

    Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının “Semutang-Cənub-1”, “Begumganj-4” və “Madarganj-1” qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcəkdir. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.

    Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edən Banqladeş Hökumətinin Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi cənab Nazimuddin Couduri bildirmişdir: “İki ölkə arasında  enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlər mövcuddur. Bugünkü imzalanma mərasimi iki müəssisə və nəticədə iki ölkə arasında əməkdaşlığın yeni vüsət almasına və dərinləşməsinə xüsusi təkan verəcək.”

    BAPEX şirkətinin Baş meneceri İslam Muhəmməd Novşad qeyd etmişdir: “Azərbaycan neftçilərinin zəngin təcrübəsi bizim regionun neftçiləri üçün həmişə ən yaxşı məktəb olub. SOCAR AQŞ-nin milli qazma sənayesindəki innovativ imici və imza atdığı ilklər bugünkü əməkdaşlığın gerçəkləşməsində önəmli rol oynayıb.Əminəm ki, gələcəkdə də SOCAR AQŞ ilə digər birgə layihələrin icrasında çalışmaqda davam edəcəyik!”

    SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirmişdir: SOCAR AQŞ ölkəmzdən mal və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və müvafiq müqavilə imzalanıb.

    Biz hər il təxminən 7 %-dən artıq artan iqtisadiyyata malik Banqladeş Xalq Respublikasının neft-qaz yataqlarının işlənməsində iştirakımızı yüksək qiymətləndirir və BAPEX ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik!”

    Xatırladaq ki, SOCAR AQŞ MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir.

    SOCAR AQŞ, bu günə kimi 200 min metrdən çox qazma işləri yerinə yetirib, 67 quyunu sifarişçiyə təhvil vermişdir. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində SOCAR AQŞ Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılması planlaşdırılır.

    Əsasən 2008-ci ildən qaz hasilatına başlamış və təqribən 360 mlrd. m3 qaz ehtiyatlarına malik olan Banqladeş Xalq Respublikasında SOCAR AQŞ tərəfindən yerinə yetiriləcək qazma işləri, Azərbaycan neftçilərinin beynəlxalq miqyasda öz peşəkar xidmətlərini təklif etmək və məhz göstərilən xidmətlər sayəsində ölkəmizə əlavə gəlirin qazandırılması üçün münbit zəmin yaradır. 

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı