SOCAR AQŞ-də tələbələrin 2016-cı il Yay Istehsalat Təcrübəsi Proqramı başa çatıb

  • 23/09/2016

    Məlumat üçün bildiririk ki, SOCAR AQŞ-nin Yay İstehsalat Təcrübəsi Proqramı çərçivəsində cari ilin iyul-sentyabr aylarında müəssisənin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi keçən  tələbələrin yay təcrübəsi başa çatmışdır.

    Qeyd edək ki, bu il daxil olan 425 müraciətə əsasən ilkin seçim mərhələsini, həmçinin test və müsahibə mərhələlərini uğurla keçən 17 tələbə SOCAR AQŞ-də iki aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb. Müəssisənin rəhbərliyi Yay istehsalat təcrübəsi proqramına xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, onların səmərəli istehsalat təcrübəsi keçməsi üçün lazımi şəraiti yaradıb. Bu müddət ərzində iştirakçılar ixtisaslarına uyğun olaraq müəssisənin müxtəlif struktur bölmələrində çalışaraq praktiki biliklər qazanıblar.

    Proqramın sonunda tələbələr fərdi və qrup şəklində onlara həvalə olunan müxtəlif layihələr üzrə təqdimatlar hazırlayaraq müəssisə rəhbərliyinə təqdim ediblər.

    Qeyd edək ki, Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da iştirak ediblər. Tədbirdə ali məktəb müəssisələrinin rəhbərlərinə təcrübənin gedişatı və tələbələrin fəaliyyəti haqqında geniş məlumat verilib.

    Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat  təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır. "SOCAR AQŞ-də təcrübə keçmək imkanı qazanan tələbələr çox şanslıdırlar, çünki onlar milli qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olublar. Yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar səriştəli kadr kimi yetişməyiniz istiqamətində dönüş nöqtəsidir".

    Elmar Qasımov SOCAR AQŞ rəhbərliyinə tələbələrinin müəssisədə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

    Yay istehsalat təcrübəsi keçən tələbələr də göstərilən diqqət, qayğı və dəstəyi yüksək qiymətləndirərək SOCAR AQŞ-nin Baş direktoruna, təhkim olunmuş təcrübə rəhbərlərinə və SOCAR AQŞ-də hər kəsə minnətdarlıqlarını bildirmişlər.

    Daha sonra SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev çıxış edərək bildirdi ki, təhsil, elmi tədqiqat və istehsalatın dinamik vəhdətindən irəli gələn təşəbbüslər daim diqqət mərkəzində saxlanılmalıdır. "İki aylıq təcrübə proqramı çərçivəsində mən vaxtaşırı olaraq müəssisəmizdə təcrübə keçən tələbələrlə görüşüb, onların proqramın gedişatı və tərtib olunan tədbirlər planı haqqında münasibətlərini öyrənmişəm. Tələbələrin proqramda həvəslə iştirak etmələri, məsuliyyətli davranışları və təhkim olunduqları sahələrə dair müxtəlif təqdimatlar hazırlayaraq qrup sessiyaları təşkil etmələri məni çox sevindirdi. Biz bir daha əmin oluruq ki, Azərbaycan iqtisadiyyatı və o cümlədən neft sənayesi gələcəkdə də etibarlı əllərdə olacaq!".

    Tədbirin sonunda müəssisədə istehsalat təcrübəsini uğurla başa vuran 17 tələbəyə müəssisə tərəfindən müvafiq sertifikatlar təqdim edildi.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı